Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən və ümumi dəyəri 135 min 15 manat 60 qəpik olan tender müsabiqəsinə yekun vurulub. Yeniavaz.com-un rəsmi məlumata əsasən qalib şirkət olaraq “Foriella” MMC (VÖEN – 2903400661) müəyyən edilib. Qeyd olunub ki, tender çərçivəsində məişət tullantıları daşınan dəmir konteynerlər üçün 6 000 ədəd təkər satılacaq. Bunlardan 1 000 ədədi tormozlu, 5 000 ədədi isə tormozsuz olacaq. Təkərlərin ən kiçik diametri 200-220 mm, eni isə 50 mm həddində müəyyənləşdirilib. “Foriella” MMC 2015-ci ildə dövlət qeydiyyatından keçib. Nizamnamə kapitalı 5 milyon manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4-də yerləşir. Hüquqi təmsilçisi İslamlı Fərman Fərrux oğludur. Qeyd edək ki, “Foriella” MMC ölkənin aparıcı mebel istehsalçılarından biridir. Şirkət rəsmən bildirir ki, mebel istehsalını Balaxanı Sənaye Parkı ilə Masallı Sənaye Məhəlləsində həyata keçirirlər və məhsulları bazarda “Perla” brendi ilə təqdim olunur.