AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində bir qrup əməkdaşın işindən azad edildiyi bildirilib.
Departamentin altı əməkdaşının mövcud əmək müqaviləsinə vaxtından əvvəl xitam verilib. Departamentin rəhbəri Murad Axundov isə başqa vəzifəyə keçirilib.
Baş katib Cahangir Fərəcullayevin məlumatına görə, Axundovun tabeçiliyində çalışan şəxslərə sentyabrın 1-dən etibarən işə çıxmamağı bildirilib. Qərarın əsas səbəbi kimi departamentin PR fəaliyyəti ilə bağlı qarşıya qoyulan tapşırıqların qənaətbəxş səviyyədə yerinə yetirilməməsi göstərilib.
İşdən çıxarılanlar arasında AFFA-nın rəsmi saytına redaktor təyin olunan Ruslan Sadıqov da var; o, əvvəllər müxtəlif aparıcı media qurumlarında 20 ildən artıq fəaliyyət göstərib.
Həmçinin işdən çıxarılanlar arasında SMM meneceri Mehman Əşrəfov da yer alır. Əşrəfov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır və Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində döyüşlərdə iştirak edib, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Bildirilib ki, AFFA-nın digər departamentlərində də rəhbər və əməkdaşların işdən azad olunması halları qeydə alınıb.