Misli Premyer Liqasının I turunda keçirilən Sumqayıt – Neftçi qarşılaşmasında birbaşa qırmızı vərəqə alan Sumqayıt futbolçusu Səbuhi Abdullazadə beş oyunluq cəzaya məruz qalıb.
AFFA İntizam Komitəsinin iclasında qəbul edilən qərara əsasən, təcavüzkar davranış göstərdiyi üçün Abdullazadə diskvalifikasiya edilib. Komitə eyni zamanda Sumqayıt klubunu futbolçusuna aid davranışa görə 3 min manat məbləğində cərimələyib.
Həmin qarşılaşmada Neftçi komandasında dörd futbolçunun sarı vərəqə alması səbəbindən klub 700 manat cərimə olunub.
Tur çərçivəsində keçirilən Qarabağ – Şamaxı matçında qonaq komandanın dörd oyunçusunun sarı vərəqə alması da 700 manat cərimə ilə qiymətləndirilib.
Qeyd edilir ki, Abdullazadə oyundan kənarlaşdırılarkən stadionun qapısını sındırmış, nəticədə şüşə onun ayağına düşmüş və ciddi zədələnməyə səbəb olmuşdu.