“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Üzeyir Hacıbəyli” quru yük gəmisi əsaslı təmir işlərini tamamlayıb.
Gəmi Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda əsas mühərriklər və köməkçi mühərriklər, eləcə də nasoslar daxil olmaqla müxtəlif mexanizmlərin təmiri həyata keçirilib. Həmçinin gəmidə boru və elektrik sistemlərinin qurulması, avtomatika və gövdə qaynaq işləri yerinə yetirilib.
Gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək yenidən rənglənib. Yaşayış və xidməti otaqlar da müasir tələblər səviyyəsində bərpa edilərək istifadəyə yararlı vəziyyətə gətirilib.
Qeyd olunur ki, “Üzeyir Hacıbəyli” 2014-cü ildən üçrəngli Azərbaycan bayrağı altında Xəzərdənkənar sularında fəaliyyət göstərir. Gəminin uzunluğu 108,33 metr, eni 16,74 metr, yükgötürmə qabiliyyəti isə 5 200 ton təşkil edir.