Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir. Üçüncü yarış günündə yunan-Roma güləşi və qadın güləşi üzrə bir sıra finalçılar müəyyənləşib.

Ayxan Cavadov 60 kq çəki dərəcəsində mübarizəyə inamla başlayıb. O, fransalı Maqomed Varayev üzərində 9:0 hesabı ilə inamlı qələbə qazanaraq 1/4 finala yüksəlib. Ardından braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.

Yarımfinalda Ayxan Cavadov iranlı Əmirəli Heydəri 4:3 hesabı ilə üstələyib və beləliklə ardıcıl ikinci dəfə U20 dünya çempionatının finalına vəsiqə əldə edib. Finalda onun rəqibi özbəkistanlı Dostonbek Oripov olacaq.

Elmin Əliyev (82 kq) ilk iki görüşünü vaxtından əvvəl yekunlaşdırıb. O, gürcüstanlı Luka Pipiya və yaponiyalı Rondo Kodamaya qarşı 8:0 hesabı ilə qalib gəlib. 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən (1:1) məğlub edən Elmin Əliyev yarımfinala qədər irəliləyib.

Yarımfinalda belaruslu Kiril Valevskiyə 4:7 hesabı ilə uduzan Elmin Əliyev sabah bürünc medal uğrunda görüşəcək. Onun rəqibi ya Mohammed Şaban (Misir), ya İsmayıl Bərəkət (Türkiyə), ya da Severi Maeenpaeae (Finlandiya) olacaq.

Qadın güləşi 53 kq-da çıxış edən Esra Məmmədli təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızı ilə qarşılaşıb və 1:7 hesabı ilə məğlub olub.

72 kq-da yarımfinala çıxmaq üçün 1/4 mərhələdən mübarizəyə qoşulan Zəhra Kərimzadə Türkiyənin İlayda Çini tuşla məğlub etsə də, hindistanlı Tanu Şarmaya qarşı 0:11 hesabı ilə uduzub. Zəhra final yolunda Liliana Kazmina (Rusiya) ilə Petra Muellerin (Macarıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.