Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən avqustun 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri təşkil edilib.

Tədbirlər hərbi orkestrin müşayiəti ilə başlayıb. Döyüş bayraqları təntənəli şəkildə meydanlara gətirildikdən sonra mərasim rəsmi qaydada açılıb.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ardınca Dövlət Himni səsləndirilib.

Təntənəli and mərasimində gənc əsgərlər and içərək vətənə sədaqətlərini bildiriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxışlarında əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana sədaqətli olmağı, nümunəvi xidmət göstərməyi və silah-texnikanı dərindən mənimsəməklə döyüş hazırlığını daim yüksəltməyi tövsiyə ediblər.

Çıxışlarda həmçinin komandir-rəis heyətinin əmrlərinə və göstərişlərinə dəqiq əməl etmək, vəzifələri vaxtında yerinə yetirmək və torpaqların müdafiəsinə hər an hazır olmaq vurğulanıb.

Mərasimlər hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə yekunlaşıb.

Tədbirlərin sonunda hərbi hissələrdə vətənpərvərlik ruhunda mədəni-kütləvi proqramlar keçirilib.