Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üçün Dövlət Proqramında Azərbaycanda turizmin inkişafı istiqamətində bir sıra tədbirlər müəyyən edilib.

Sənədə görə, ölkəyə giriş-çıxış rejiminin sadələşdirilməsi məqsədilə yeni “rəqəmsal səyyah” tipli viza altnövünün təsis edilməsi planlaşdırılır. Bu təşəbbüsün həyata keçirilməsi üçün beynəlxalq təcrübə öyrəniləcək və Miqrasiya Məcəlləsində müvafiq dəyişikliklər nəzərdə tutulur.

Proqramda həmçinin hava nəqliyyatı ilə sərnişindaşımaların və turizm siyasətinin koordinasiyasının gücləndirilməsi üçün mexanizmlərin təkmilləşdirilməsi yer alıb. Hədəf bazarlardan gələn turistlərin sayını artırmaq məqsədilə vizasız səfər imkanlarının tətbiq olunduğu ölkələrin siyahısının genişləndirilməsi planlaşdırılır.

Gəlmə turizmi üçün çoxdəfəlik elektron vizaların verilmə prosesinin səmərəliliyi artırılacaq, eləcə də sərhəddə viza daxil olmaqla elektron viza rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq.

Sənəddə vurğulandığı kimi, turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına töhfəsi yüksəldiləcək və bu sahənin inkişafı digər iqtisadi sahələrin siyasətləri ilə daha yaxşı əlaqələndiriləcək.

Bu tədbirlər paketinin həyata keçirilməsi üçün qanunvericilikdə və inzibati prosedurlarda zəruri islahatların aparılması nəzərdə tutulur.