Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsinə dair fərman imzalayıb.
Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi təmin edəcək. Xarici İşlər Nazirliyi isə tələb olunan daxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan tərəfinə rəsmi bildiriş göndərəcək.
Saziş bu il iyunun 22-də Bakı şəhərində imzalanıb və tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın tənzimlənməsini nəzərdə tutur.