Azərbaycan ilə Özbəkistan arasında son illərdə iqtisadi münasibətlər sürətlə inkişaf edir. 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-cü illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına yüksəlib, 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarət 33 faiz artaraq 144 milyon ABŞ dolları təşkil edib.
TDAM-ın rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov bu göstəricilərin iqtisadi potensialın tam reallaşdırılması üçün hələ geniş imkanlar olduğunu ortaya qoyduğunu bildirib. O, iki ölkənin 2030-cu ilədək ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağı strateji hədəf kimi müəyyən etdiklərini vurğulayıb və hazırkı artım tempinin bunun mümkünlüyünü göstərdiyini qeyd edib.
İqtisadi əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi qarşılıqlı investisiyaların artırılması və sənaye kooperasiyasının genişləndirilməsi göstərilib. 2023-cü ildə yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu məqsədlə vacib institusional mexanizmə çevrilib və hər iki tərəfdə perspektivli layihələrin maliyyələşdirilməsinə imkan yaradır.
Hüseynov həmçinin hazır məhsul ticarətindən kənara çıxmaq, birgə istehsal, texnologiya transferi və əlavə dəyər zəncirlərinin yaradılması ilə üçüncü ölkələrin bazarlarına birlikdə çıxışın əhəmiyyətini önə çəkib. Avtomobil sənayesindəki əməkdaşlığın bu istiqamətdə nümunə olduğunu vurğulayıb.
O, Azərbaycanın Ələt Azad İqtisadi Zonası, liman infrastrukturu, dəmir yolu və multimodal nəqliyyat imkanlarının Özbəkistan şirkətlərinə Qərb bazarlarına çıxışı asanlaşdıracağını, eyni zamanda Özbəkistanın sənaye imkanlarının Azərbaycanın Mərkəzi Asiya bazarlarındakı mövqeyini gücləndirəcəyini bildirib.
Enerji sahəsində əməkdaşlığı strateji hesab edən Hüseynov Azərbaycanın bərpaolunan enerji potensialı ilə Özbəkistanın enerji sistemində aparılan transformasiyanın sinergiya yarada biləcəyini söyləyib. O, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi layihələrinin yalnız enerji təhlükəsizliyi üçün deyil, həm də Türk dünyasında yeni enerji bağlantılarının formalaşdırılması baxımından mühüm olduğunu qeyd edib.
Regionlararası səviyyədə əlaqələrin də əhəmiyyətindən danışan ekspert Azərbaycan–Özbəkistan Regionlararası Forumunun dördüncü dəfə keçirilməsinin və müxtəlif şəhər və rayonların prosesə cəlb olunmasının əməkdaşlığın mərkəzi hakimiyyətlərlə yanaşı yerli səviyyədə də genişləndiyini göstərdiyini vurğulayıb.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin iqtisadi gündəliyinin genişliyinin iki ölkə münasibətlərinin strateji tərəfdaşlıqdan daha dərinə, iqtisadi inteqrasiyaya doğru keçdiyini təsdiqlədiyini söyləyib. İlyas Hüseynov qeyd edib ki, Azərbaycan və Özbəkistanın iqtisadi potensiallarının daha sıx birləşməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi bağlantıların yaranmasına, Orta Dəhlizin səmərəliliyinin artmasına və türk dövlətləri arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə xidmət edəcək.