Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə Azərbaycan tərəfi son vaxtlar Rusiya mediası və informasiya mühitində Azərbaycan, onun xalqı və ölkə rəhbərliyi haqqında səsləndirilən təxribatçı, təhqiredici və təhdid xarakterli açıqlamalardan ciddi narahat olduqlarını bildirib və buna qəti etirazını çatdırıb.

Xüsusi olaraq 13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsinin efirində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və dövlət rəhbərliyinə yönəlik ifadələrə diqqət çəkilib.

Həmçinin 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan verilişdə Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səslənən iddialar, 9 avqustda “YouTube” platformasında və 16 avqustda “Spas” telekanalında yayımlanan təhqiredici məzmunlu materiallar xatırladılıb.

Azərbaycan tərəfi vurğulayıb ki, ölkənin daxili siyasi proseslərinə müdaxilə etmək cəhdləri və Azərbaycan xalqına, həmçinin rəhbərliyinə qarşı zorakılığa çağırışların səsləndirilməsi qəbuledilməzdir.

Nazirlik bəyan edib ki, buna dair əvvəlki çağırışlara və müxtəlif siyasi səviyyələrdə aparılan müzakirələrə baxmayaraq, analoji ritorikanın daha kəskin formada davam etməsi ciddi narahatlıq yaradır. Görüşdə Rusiya informasiya məkanında Azərbaycana qarşı təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması üçün dərhal və təsirli addımların görülməsi gözləntisi yenidən bildirilib.

Bildirək ki, Baş prokurorluq 17 avqust 2026-cı il tarixində Rusiya vətəndaşları — “Moskva 24” telekanalının aparıcısı İvan Knyazev, özünü Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov və Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri, televiziya müxbiri Aleksey Çadayev barədə İnterpol vasitəsilə beynəlxalq axtarışın təşkil olunması istiqamətində tədbirlərin görüldüyünü açıqlayıb.

Həmin şəxslər barəsində ittihamlar sırasında Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçilik salınması və terrorçuluğa çağırışlar yer alır. Onlar ölkə hüdudlarından kənarda olduqları üçün barələrində axtarış elan edilib və məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri tətbiq edilib.

Prokurorluq qeyd edib ki, iyulun 14-ü və avqustun 13-də “YouTube”da “Семён Уралов” kanalında yayımlanan “Чистота понимания” verilişlərində bu şəxslər Azərbaycana qarşı zorakı tədbirlərin tətbiqindən, habelə ayrı-ayrı şəxslərin məhvi və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlərin səsləndirilməsi ilə terrora çağırış etdikləri bildirilib.