Son illərdə qiymətlərin artması fonunda Azərbaycanda orta statistik ailənin ayı necə başa vurması sualı aktuallaşıb. Hesablamalara əsasən 4 nəfərlik ailənin aylıq büdcəsi müxtəlif xərclər toplusundan asılı olaraq kəskin dəyişir.

2026-cı il üçün ölkə üzrə yaşayış minimumu 300 manatdır. Əmək qabiliyyətli şəxslər üçün göstərici 317 manat, uşaqlar üçün isə 260 manat müəyyən edilib. Bu rəqəmlər minimum ehtiyac səviyyəsini əks etdirir və rahat həyat üçün tələb olunan məbləğlə eyniləşdirilə bilməz.

2026-cı ilin yanvar-may aylarında muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib. Eyni dövrdə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb, ərzaq, içki və tütün məhsulları üzrə artım isə 6,7 faizdir.

Gündəlik xərclər daxilində ərzaq ailə büdcəsinin ən böyük hissəsini təşkil edir. Ət, süd məhsulları, yumurta, tərəvəz, meyvə, çörək və digər əsas ərzaq məhsulları üçün 4 nəfərlik ailədə ayda təxminən 600–800 manat tələb oluna bilər.

Kirayə xərcləri yaşayış yerindən asılı olaraq kəskin fərqlənir. Regionlarda daha münasib qiymətə mənzil tapmaq mümkündür; Bakıda isə mənzilin ərazisi və vəziyyətindən asılı olaraq aylıq kirayə 400–800 manat və daha yüksək ola bilər.

Kommunal və rabitə xərcləri (elektrik, qaz, su, istilik, mobil rabitə, internet) üçün orta hesabla 100–180 manat nəzərdə tutulur. 2026-cı ildən elektrik enerjisi üzrə abonentlər üçün aylıq 1 manat sabit tarif tətbiq edilməsi də müəyyən təsir göstərir.

İctimai nəqliyyata əsaslanan ailələrdə nəqliyyat xərci təxminən 100–200 manat təşkil edə bilər. Avtomobil sahib olan ailələrdə yanacaq, texniki xidmət, sığorta və digər xərclər bu məbləği əhəmiyyətli dərəcədə artırır.

İki uşağın məktəb xərcləri, geyim, dəftərxana ləvazimatları və dərnəklər üçün ayda təxminən 100–300 manat lazım olur; özəl kurslar və əlavə məşğələlər bu məbləği yüksəldə bilər.

Geyim, gigiyena vasitələri və digər məişət ehtiyacları üçün orta hesabla 100–200 manat ayrılması məqsədəuyğundur. Dərman, həkim müayinəsi və digər gözlənilməz xərclər üçün əlavə 100–200 manatlıq ehtiyat məsləhət görülür.

Yekun hesablamalara görə, kirayədə yaşayan 4 nəfərlik ailənin yalnız əsas ehtiyaclarını qarşılamaq üçün təxminən 1 500–2 000 manat aylıq gəlir yetərli ola bilər. Lakin uşaqların əlavə dərsləri, istirahət, geyim və müəyyən miqdarda yığım da daxil edilərsə, 2 500–3 000 manatlıq aylıq gəlir daha realist görünür.

Avtomobil, kredit ödənişləri, özəl bağça, tez-tez restoran və səyahət kimi əlavə xərclər bu rəqəmi rahatlıqla 3 000–4 000 manat və daha yuxarı səviyyəyə qaldıra bilər.

Qeyd olunmalıdır ki, təqdim olunan məbləğlər rəsmi norma deyil, müxtəlif xərc maddələri əsasında hazırlanmış təxmini hesablamalardır. Ailənin yaşayış yeri, evin varlığı, uşaqların yaşı və həyat tərzi aylıq büdcəni əhəmiyyətli dərəcədə dəyişə bilər.