2026-cı ilin yanvarın 1-dən elektriklə işləyən avtomobillərə tətbiq olunan 18 faiz güzəşt ləğv olunub. Bu dəyişiklik bazarda əvvəlki aktivliyin zəifləməsinə əsas səbəblərdən biridir.
İqtisadçı Emin Qəribli bildirib ki, alıcıların elektrik avtomobillərinə marağının azalmasında təkcə vergi dəyişikliyi rol oynamır, eyni zamanda eksploatasiya zamanı üzləşilən praktiki problemlər də təsirlidir.
O qeyd edib ki, elektrik avtomobillərinin əməli səmərəliliyi hər zaman gözlənilən səviyyədə olmur. Xüsusilə uzun məsafələrdə və mövsümi şəraitdə (yay və qış aylarında) istehsalçılar tərəfindən vəd edilən yürüş məsafəsi reallıqda təmin olunmaya bilər.
Emin Qəribli vurğulayıb ki, bu səbəbdən istehlakçılar daha çox hibrid nəqliyyat vasitələrinə üstünlük verirlər.
İqtisadçının fikrincə, elektrik doldurma infrastrukturu da kifayət qədər inkişaf etməyib və bu da bazara mənfi təsir göstərən amillərdəndir. Onun sözlərinə görə, elektrikdoldurma məntəqələrinin sayının artırılmasına ehtiyac var.
Qəribli əlavə edib ki, bəzi şəxslər avtomobillərini evdə rahat şəkildə elektriklə doldura bilmirlər və bu məhdudiyyət də tələbatın azalmasına təsir edir.