Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. İddia məqalədə yer almış, ölkəyə qarşı əsassız və təxribat xarakterli ittihamlarla bağlıdır.
Mətbuatda geniş müzakirə doğuran bu hadisə ətrafında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov açıqlama verib. O, bəzi beynəlxalq media qurumlarının ölkəmizə qarşı əsassız ittihamlar irəli sürdüyünü bildirib.
Bəşirov qeyd edib ki, müəyyən media platformaları informasiya yaymaq və cəmiyyəti məlumatlandırmaq missiyasından kənara çıxaraq ittiham və şantaj xarakterli fəaliyyət göstərirlər. Onun sözlərinə görə, təqdim olunan məlumatların dəqiqliyi tez-tez şübhə doğurur və bu, həmin qurumların digər platformalardan fərqlənmək cəhdləri ilə izah olunur.
Ekspert həmçinin vurğulayıb ki, belə fəaliyyət müəyyən qrupların və qüvvələrin maraqlarına xidmət edir və hədəflərdən birinin müstəqil siyasət yürüdən Azərbaycan olduğunu bildirib. O, bunun media prinsiplərinə zidd olduğunu və hüquqi qiymət verilməsinin qanuni olduğunu əlavə edib.
Xəyal Bəşirov ABŞ Prezidentinin CNN-i “feyk nyus ünvanı” adlandırmasına da işarə edərək, iddianın media mənsublarının peşə prinsiplərinə uyğun olmayan fəaliyyətə qarşı təbii reaksiya olduğunu söyləyib. O, iddianın presedent yarada biləcəyini və Azərbaycanın belə məsələlərdə öz mövqeyini müdafiə etdiyini vurğulayıb.
Hüquqşünasın açıqlamasında bildirilir ki, media fəaliyyətinin prinsipləri və informasiya yayım qaydaları beynəlxalq çərçivədə müəyyənləşib və buna zidd hərəkətlərə münasibət hüquqi müstəvidə qiymətləndirilməlidir. O, anti-Azərbaycan mövqeyi ilə seçilən media platformalarının niyyətinin xoşniyyətli olmadığını deyib və Azərbaycanın atdığı addımların əsaslandırılmış olduğunu vurğulayıb.