Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında Azərbaycan üç güləşçi ilə yarımfinala vəsiqə əldə edib.
Yunan-Roma güləşində 60 kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Cavadov 1/8 finalda fransalı Maqomed Varayevi 9:0 hesabı ilə məğlub edib. 1/4 finalda braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə üstələyən Cavadov yarımfinalda iranlı Əmirəli Heydəri ilə üz-üzə gələcək.
82 kiloqramda mübarizə aparan Elmin Əliyev gürcüstanlı Luka Pipiya və yaponiyalı Rondo Kodamaya qarşı hər iki görüşdə 8:0 hesabı ilə qalib gəlib. 1/4 final qarşılaşmasında özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipi (1:1) ilə qabaqlayan Əliyev yarımfinalda belaruslu Kiril Valevski ilə qarşılaşacaq.
Qadın güləşində 72 kiloqram çəki dərəcəsində Zəhra Kərimzadə türkiyəli İlayda Çini tuşla məğlub edərək yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda hindistanlı Tanu Şarma ilə güləşəcək.
Digər təmsilçimiz Esra Məmmədli (53 kiloqram) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızına 1:7 hesabı ilə uduzub.