Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin sonunda Bakıda 17 bazar və yarmarka fəaliyyət göstərib. Bu göstərici əvvəlki ilə nisbətən bir vahid azalıb, lakin paytaxtın əhalisinin sürətli artımı və istehlak tələbini nəzərə aldıqda belə sayın kifayət edib-etmədiyi müzakirə mövzusudur.

Regionlara dair statistik göstəricilər fərqli mənzərə ortaya qoyur. İqtisadi rayonlar arasında ən çox bazar və yarmarka Qazax-Tovuzda (14), Mərkəzi Aranda (13) və Şirvan-Salyanda (11) qeyd olunub. Lənkəran-Astara və Şəki-Zaqatalada hərəsində 10, Quba-Xaçmazda isə 9 bazar və yarmarka fəaliyyət göstərir.

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov bildirir ki, Bakı əhalisinin və turist axınının artması ərzaq məhsullarına tələbatı yüksəldir və buna uyğun bazar şəbəkəsi formalaşdırılmalıdır. O deyib: "Bakı böyük meqapolisdir və daim inkişaf edir. Həm daimi, həm də müvəqqəti yaşayan insanların, eləcə də turistlərin sayı artır. Buna görə də ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat yüksək olaraq qalır. Qida məhsullarının satışı həyata keçirilən pərakəndə və topdansatış məntəqələri müasir standartlara uyğun fəaliyyət göstərməlidir. Eyni zamanda, ölkəmizdə bazar və yarmarka mədəniyyəti formalaşıb. İnsanlar təzə məhsulları birbaşa fermerdən almağa üstünlük verirlər. Bu, fermerlə istehlakçı arasında birbaşa əlaqə yaradır, qiymətlərin daha münasib olmasına və alıcı üçün daha sərfəli alış imkanlarının formalaşmasına şərait yaradır. Fermer məhsulunu birbaşa sata bilmədikdə həm özü, həm də istehlakçı itirir. Belə hallarda vasitəçilərin sayı artır ki, bu da son qiymətə təsir göstərir".

Məmmədov yeni fermer bazarlarının yaradılmasının həm istehsalçı, həm də alıcı üçün faydalı ola biləcəyini vurğulayıb. O, Meyvəli Ticarət Kompleksinin istehsalçıların məhsullarının satış şəbəkələrinə çatdırılmasında mühüm rol oynadığını qeyd edib və iri market şəbəkələrinin fermerlərlə birbaşa əməkdaşlığının gələcəkdə faydalı ola biləcəyini bildirib.

İqtisadçı Rauf Qarayev isə bazarların sayından daha çox satış infrastrukturunun və müasir pərakəndə ticarətin rolunu önə çəkir. Onun sözlərinə görə: "Bunun başlıca səbəbi Bakının həm əhalisinin sayına, həm də gəlir səviyyəsinə görə digər regionları üstələməsidir. Bu amil fermer üçün məhsulunu daha sürətlə və gəlirli satmaq imkanı yaradır. Digər tərəfdən, bir çox halda fermerlər Bakıya özləri gəlmir. Müəyyən vasitəçilər yerlərdə məhsulu fermerdən birbaşa alaraq öz logistika vasitələri ilə Bakıya gətirir və satışını təşkil edirlər".

Qarayev sovet dövründən fəaliyyət göstərən iri bazarların son illərdə müasir pərakəndə satış şəbəkələri ilə rəqabət apardığını və bu bazarların tədricən sıxışdırıldığını qeyd edir: "Bu meylin yaranmasının əsas səbəbi bazarlara gələn kəndlilərin sayının az olmasıdır. Məhsulu bazarlarda onsuz da alverçilər satır. Dövlət tərəfindən kəndliyə yerhaqqı ödəmədən satış etmək üçün müəyyən günlər ayrılsa da, kəndli günlərlə orada gözləməkdənsə, məhsulunu birbaşa vasitəçiyə verib kəndinə qayıtmağa üstünlük verir. Bununla yanaşı, müasir marketlərdə təmin olunan kondisionerli və sərin mühit məhsulların yay aylarında günün altında qalıb xarab olmasının qarşısını alır, həm alıcı, həm də satıcı üçün maksimum komfort yaradır. Əvvəllər alıcılar 10-20 qəpik ucuz məhsul tapmaq üçün kilometrlərlə yol qət edərək iri bazarlara gedirdilərsə, indiki şəraitdə nəqliyyat xərcini, yol tıxacını və zaman itkisini hesablayaraq məhəllə marketindən alış-veriş etməyi daha sərfəli hesab edirlər. Həmçinin bu marketlərdə günün sonuna doğru tez xarab ola biləcək məhsulların qiymətinin avtomatik aşağı düşməsi də sakinlərin ucuz məhsul almasına şərait yaradır".

Ekspertlər vurğulayırlar ki, pərakəndə satış şəbəkələrinin genişlənməsi alıcı üçün rahatlıq yaratsa da, ənənəvi bazarların məhdudlaşması və kəndlilərin birbaşa iştirakı olmadan vasitəçilərin rolunun artması fermerlər üçün çətinliklər doğurur. R.Qarayevin fikrincə, daxili bazarda rəqabət mühitinin qorunması və fermerlərin məhsullarını rahat satışa çıxarması üçün uyğun mexanizmlərin təkmilləşdirilməsi zəruridir.