Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “Baku Electronics” MMC-nin 87 316 manat məbləğində vergi borcu vardır.
Şirkət 2001-ci ildə təsis edilib. Onun nizamnamə kapitalı 16 746 300 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Saeid Nakhjavani qeyd olunub; o, həmçinin “Vvaft coffee” MMC-nin rəhbəridir.
“Baku Electronics”in məlum sahibkarlıq strukturu çərçivəsində sahibinin “NAB Holding” olduğu göstərilir. Həmin holding Azərbaycanda “Bank of Baku”, “Baku Electronics” və “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahiblərindən biridir.
Sənədlərdə həmçinin bildirilir ki, “NAB Holding” Türkiyədə rəsmi qeydiyyatdan keçib. Türkiyə mətbuatında holdinqin İdarə Heyətinin sədri Behram Erominin İran əsilli iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu barədə məlumatlar yer alıb və bu informasiyanın indiyədək təkzib olunmadığı vurğulanıb.
Keçmiş illərdə “NAB Holding”in fəaliyyəti barədə yerli mediada, həmçinin şirkətin fəaliyyətində şübhəli məqamların olduğu ilə bağlı yazılara tez-tez rast gəlinib. Publikasiya materiallarında Eromi ailəsinin üzvləri — Nadir, Şahram, Behram, Amid və Omid Eromi adları holdinqlə bağlı kontekstdə çəkilib.