Azərbaycanda kredit bazarında 2026-cı ilin ilk yarısında kreditləşmənin artımı müşahidə edilib və bu tendensiyanın davam etməsi ilə bağlı gözləntilər qalmaqdadır.

Kredit bazarına təsir edən əsas amillər sırasında Mərkəzi Bankın pul siyasəti, kredit faizləri, əhalinin və biznesin maliyyə tələbatı ilə bankların risk qiymətləndirmə yanaşmaları göstərilir. Hazırkı proqnozlara görə, kredit faizlərində kəskin dəyişiklik gözlənilmir.

Kredit bazarında yaxın aylarda baş verə biləcək əsas dəyişikliklər barədə Ruslan Atakişiyev fikirlərini bölüşüb. O, prioritet kimi kredit xidmətlərinin rəqəmsallaşdırılmasını və daha çox əməliyyatın elektron müstəviyə keçirilməsini göstərib.

“Bununla yanaşı, bu sahədə çalışan mütəxəssislərin peşəkarlığının artırılması da kredit bazarının inkişafı baxımından əhəmiyyətlidir”, - deyə Ruslan Atakişiyev bildirib.

Atakişiyev həmçinin bazarda kreditə tələbin yüksək olduğunu vurğulayıb və qeyd edib ki, artan tələbatın düzgün qarşılanması vacibdir. O bildirib ki, kredit siyasəti vətəndaşlara daha əlçatan, şəffaf və keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə qurulmalıdır.

Mütəxəssis əlavə edib ki, kreditləşmənin genişləndirilməsi ilə yanaşı vətəndaşların maliyyə yükü də nəzərə alınmalıdır. Kredit götürən şəxsin gəliri, ödəmə qabiliyyəti və mövcud borc öhdəlikləri qiymətləndirilməli, kreditləşmə prosesi yalnız tələbatı ödəmək deyil, həm də maliyyə risklərini azaltmaq üçün təşkil olunmalıdır.

Rəqəmsal texnologiyaların tətbiqi bu prosesləri sürətləndirə və şəffaflığını artıraraq borc verilmə prosedurlarını daha rahat hala gətirə bilər, - deyə Atakişiyev fikrini yekunlaşdırıb.