“Brent” markalı neftin qiyməti bir barel üçün 91,2 dollar səviyyəsinə çatıb.

Bakı vaxtı ilə saat 19:04-ə olan məlumatda göstərilir ki, Londonun ICE Futures birjasında oktyabr fyuçersləri əvvəlki sessiyanın bağlanışından 0,33 dollar (0,36%) bahalaşaraq 91,2 dollar səviyyəsindən ticarət olunub. Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr müqavilələri isə 0,55 dollar (0,65%) artaraq bir barel üçün 85,05 dollar təşkil edib.

Bazar iştirakçılarının diqqət mərkəzində Yaxın Şərqdəki vəziyyət qalmaqdadır. Avqustun 18-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla danışıqlar aparmadığını və planlaşdırmadığını, İranla memorandumun qüvvədəolma müddətinin isə avqustun 17-də başa çatdığını bəyan edib. İran parlamentinin spikeri isə ABŞ razılaşmanın şərtlərini yerinə yetirənədək Hürmüz boğazının açılmayacağı barədə xəbərdarlıq edib.

SEB-in analitiki Byarn Şildrop boğaz vasitəsilə gəmilərin hərəkətinin məhdud qalması halında neft tədarükünün tam dayana biləcəyini istisna etməyib. Bazar ertəsi boğazdan ötən gəmilərin sayı əvvəlki 10 günün orta göstəricisi olan 11-ə nisbətən altıya düşüb.

Kotak Neo şirkətinin eksperti Kaynat Çenvala isə tranzit məlumatlarının qiymətlərə təsir etdiyini, vəziyyət kəskinləşərsə Brent neftinin 95–100 dollar/barel səviyyəsinə yüksələ biləcəyini bildirib.