Prezidentin köməkçisi Hikmət Hacıyev Buxaradan bir azərbaycanlı alimlə bağlı paylaşım edib və paylaşımda Yusif Qarabağinin məzarı nümayiş etdirilib.
Yusif ibn Məhəmmədcan Qarabaği XVI əsrin sonlarında Qarabağda dünyaya gəlib. O, görkəmli alim, filosof, təbib və müdərris Məhəmmədcan Qarabağinin oğludur.
İlk təhsilini doğma diyarında alan alim daha sonra Orta Asiya və Yaxın Şərqə səfər edib. Öz elmi və pedaqoji fəaliyyətini əsasən Buxara və Səmərqənd mədrəsələrində davam etdirərək dövrünün böyük ustadlarından biri kimi tanınıb və “Mövlana” adı ilə şöhrət qazanıb.
Yusif Qarabaği məntiq, fəlsəfə, ilahiyyat, tibb, hüquq və ərəb dilçiliyi sahələrində geniş biliklərə malik olub. O, xüsusilə İbn Sinin “Əş-Şifa” və “əl-İşarat” əsərlərinə, eləcə də Ədudəddin əl-İcinın təlimlərinə yazdığı haşiyə və şərhlərlə diqqət çəkib (məsələn, “Hasiyə ala Şərh əl-İşarat”, “Hasiyə ala Şərh əl-Əkaid”).
XVII əsrdə Orta Asiyada Şərq peripatetizminin və məntiq məktəbinin inkişafında Yusif Qarabağinin əhəmiyyəti böyük olub və o, Azərbaycan elmi fikrini region səviyyəsində təmsil edib.
Alim 1635-ci ildə Səmərqənddə vəfat edib. Onun cənazəsi Buxara yaxınlığındakı “Qara ələm” qəbiristanlığında torpağa tapşırılıb.