Prezident tərəfindən imzalanmış qanun dəyişikliyi dövlət mülkiyyətində olan əmlakın xüsusi mülkiyyətə məxsus əmlakla dəyişdirilməsi üçün hüquqi zəmin yaradır.
Qanunla dövlət mülkiyyətinə daxil olan əmlaklar, o cümlədən dövlət torpaqları qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətə aid əmlaklarla, habelə torpaq sahələri ilə mübadilə oluna biləcək.
Eyni zamanda, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı, həmçinin dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri dəyişdirilməyə cəlb edilə bilməz.
Dəyişdirilən əmlakların və torpaq sahələrinin qiymətləndirilməsi bazar prinsipləri əsasında, alqı-satqı zamanı formalaşmış qiymətlər nəzərə alınmaqla həyata keçiriləcək və bu proses “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun çərçivəsində qiymətləndiricilər tərəfindən icra olunacaq.
Qanuna təklif edilən digər yeniliklərlə dövlət orqanları və bələdiyyələr də qiymətləndirmə fəaliyyətində sifarişçi statusu əldə edirlər.
Rəsmi olaraq bildirilib ki, qəbul edilən dəyişikliklər torpaq və digər əmlaklardan daha məqsədyönlü istifadəni, torpaq bazarında dövriyyənin canlanmasını və iqtisadi fəaliyyətin artmasını təmin edəcək. Həmçinin bu mexanizm dövlətlə vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında çevik mübadilə imkanlarını genişləndirəcək və dövlətin mülki dövriyyədə digər hüquq subyektləri ilə bərabər şəraitdə iştirakını təmin edəcək.
Qanunun qüvvəyə minməsi ilə bağlı tətbiqin təmin edilməsi məqsədilə Prezident fərman da imzalayıb.