Politoloq Elçin Xalidbəyli Rusiyanın hazırkı vəziyyətini ağır hesab etdiyini və ölkədə vəziyyətin nə normal, nə də hüquqi çərçivədə inkişaf etdiyini bildirib.

O vurğulayıb ki, Rusiya çöküş mərhələsinə daxil olub və maliyyə-iqtisadi, eləcə də siyasi-ictimai böhran dərinləşməyə başlayıb. Belə dönəmlərdə cəmiyyətlərdə adətən daxili problemlərin üzərini örtmək üçün kənarda günahkar axtarışına girildiyini söyləyib və bu sıraya Azərbaycanın da daxil edildiyini qeyd edib.

Xalidbəyliyə görə, rəsmi münasibətlərdə və iqtisadi-ticari əlaqələrdə üzdə dostluq görüntüsü olsa da, təbliğat dairələri Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Onun sözlərinə görə, artıq tənqid çərçivəsini aşan, böhtan və qərəzli ritorika formalaşır.

Politoloq əlavə edib ki, belə yanaşma Rusiyanın daxilindəki problemlərin səbəbini xaricdə axtarmaq niyyətindən xəbər verir. O, Rusiyanın indiki problemlərində Azərbaycanın heç bir rolunun olmadığına diqqət çəkib və neqativ proseslərin əsas müəllifinin Kremldə qərar qəbul edənlər olduğunu vurğulayıb.

Elçin Xalidbəyli həmçinin bildirib ki, postsovet məkanındakı bəzi dairələr həmin ölkələri hələ də Moskvanın təsiri altında hesab edirlər, lakin reallıqda çoxlu ölkələrdən, o cümlədən Azərbaycandan ciddi uzaqlaşma müşahidə edilir. Onun fikrincə, Azərbaycan artıq Rusiyadan uzaqlaşmış ölkələr sırasındadır və Rusiya üçün Azərbaycana təsir imkanları məhduddur.

O qeyd edib ki, Kreml üçün narahatlıq yaradan əsas məqam Azərbaycana qarşı təsir və təzyiq mexanizmlərinin demək olar ki, mövcud olmamasıdır. Bununla belə, Xalidbəyli mümkün təhlükə kimi Ukraynaya qarşı işğalçılıq siyasətinə bənzər hərəkətlərin digər postsovet ölkələrinə də yönəldilə biləcəyini istisna etməyib.

Məqalədə xatırladılıb ki, Baş Prokurorluq İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev adlı üç Rusiya vətəndaşı barədə cinayət işi üzrə istintaq aparır. İstintaqa görə, həmin şəxslər iyulun 14-də yayımlanan verilişdə Azərbaycana qarşı zorakı üsulların tətbiqinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün parçalanmasına və milli nifrətə çağırışlar səsləndiriblər.

Müzakirə zamanı Azərbaycan hakimiyyətinə qarşı müxtəlif zorakı ssenarilər — hakimiyyət dəyişikliyi, ölkənin parçalanması vətəndaş müharibəsinə sürükləmə kimi variantlar, həmçinin Xəzər donanmasının gücləndirilməsi, Cənubi Dağıstan istiqamətində hərbi imkanların artırılması, pilotsuz sistemlərin gücləndirilməsi və “Bakıya desant əməliyyatı” kimi hərbi planlar müzakirə olunub. Bu ifadələr siyasi tənqid sərhədini keçərək zorakı fəaliyyətə çağırış olaraq hüquqi qiymətləndirmə predmetinə çevrilib.

Xalidbəyli yekun olaraq bildirib ki, daxili problemlərin kənara yönəldilməsi Rusiyanın xeyrinə deyil və belə vərdişlər daha ciddi nəticələrə səbəb ola bilər.