“Kyrie” təxəllüsü ilə tanınan haker Ceffri Epşteynə məxsus elektron poçtlara giriş əldə edib minlərlə mesajı ictimaiyyətlə paylaşdığını etiraf edib. O, addımın həm özünə, həm də ailəsinə ciddi nəticələr doğurduğunu vurğulayıb.

Haker Nyu-Yorkda keçirilən “HOPE” konfransına şəxsən qatılmayıb, fikirlərini tədbirin moderatoruna şifrələnmiş mesajlarla çatdırıb. Moderator həmin mesajları konfrans zamanı səsləndirib.

“Məlumata görə”, haker ötən il Epşteynin Yahoo hesabına daxil olaraq 2002–2019-cu illərdə göndərilən və qəbul edilən 20 900-dək elektron məktub və faylı ələ keçirib. Onun bir hissəsini DDoSecrets platformasında yerləşdirdiyi bildirilib.

“Kyrie” yazışmaları araşdırarkən Epşteynlə əlaqəsi daha əvvəl açıqlanmayan şəxslərin adlarına rast gəldiyini bildirib. Həmçinin hesabı yoxladığı dövrdə Epşteynin ölümündən sonra da aktiv girişlərin qeydə alındığını görüb və bu məlumatların başqa mənbələrlə də təsdiq olunduğunu qeyd edib.

Sızdırmadan sonra mümkün təqiblərdən qorxduğu üçün gizlənməyə məcbur olduğunu deyən haker, bu qərarın ailəsinin həyatında uzun müddətli narahatlığa yol açdığını söyləyib. O, həmçinin fəaliyyətinin maddi və mənəvi itkilərə səbəb olduğunu bildirib.

Konfrans iştirakçıları ona eyni imkanı yenidən əldə etsəydi yazışmaları təkrar sızdırıb-sızdırmayacağını soruşub. “Kyrie” bu dəfə belə bir addım atmayacağını bildirib, amma əvvəlki qərarını o vaxt doğru hesab etdiyini də dilə gətirib.

Hakerin əsl kimliyi açıqlanmayıb və onun gələcəkdə ictimaiyyət qarşısına çıxıb-çıxmayacağı məlum deyil.