İsrailin "Hapoel" (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"la keçirəcəkləri ilk oyun öncəsi rəqibi yüksək qiymətləndirib.
Kojux matçın həm özü, həm də klub üçün böyük əhəmiyyət daşıdığını söyləyib. O, qarşıdakı görüşə ciddi hazırlaşdıqlarını bildirərək, "Sabah"ın oyunlarını izləyərkən komandanın keyfiyyətli və sürətli olduğunu gördüyünü deyib.
Baş məşqçi əlavə edib ki, rəqib kəsərli ötürmələr və standart vəziyyətlərdən istifadə etməklə təhlükə yaradır: "Onlar kəsərli ötürmələr və standart vəziyyətlərlə rəqibi cəzalandırmağı yaxşı bacarırlar. Meydanda yaxşı təşkilatlanmış və hazırlıqlı kollektiv var."
Komandanın kapitanı Miqel Vitor isə bu mərhələdə oynamağın həyəcan verici olduğunu vurğulayıb. O, əvvəllər iki dəfə oxşar turnirdə iştirak etdiyini, lakin hədəfə çata bilmədiklərini xatırladaraq, bu dəfə uğur qazanmaq istədiklərini söyləyib.
Vitor qol vəziyyətlərindən maksimum istifadə etməyi və rəqibə az imkan verməyi əsas hədəf hesab etdiklərini qeyd edib: "Biz xırda detallara belə xüsusi diqqət yetirən komandayıq və uğurun açarı da məhz bundadır. Futbolu belə oyunlar üçün oynayırıq və bu qarşılaşmanı səbirsizliklə gözləyirəm."
Matçın birinci görüşü avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.