İnsanların dünyada özünə tam bənzəyən birinin olması geniş yayılan fikirdir, lakin elmi araşdırmalar bunun hər kəs üçün doğru olmadığını göstərir. Mütəxəssislər nəticələrin “bənzər olmaq” anlayışının hansı kriteriyalarla qiymətləndirilməsindən asılı olduğunu vurğulayır.
Sadə xüsusiyyətlər — məsələn, saç rəngi, təbəssüm və üzün ümumi quruluşu— nəzərə alınarsa, bir neçə oxşar görünüşlü insan tapmaq mümkündür. Lakin burun forması, gözlər arasındakı məsafə, çənə quruluşu, boy, səs və yeriş kimi daha çox parametrə üstünlük verildikdə oxşarlığın ehtimalı xeyli azalır.
Üz ana xətlərinin formalaşmasında genetik irs, mənşə, yaş, cins, hormonlar, kəllə sümüklərinin inkişafı, yumşaq toxumaların strukturu və bədən çəkisi kimi bir sıra faktorlar rol oynayır. Qohum olmayan şəxslərdə bu amillərin bəzi kombinasiyaları təsadüf nəticəsində üst-üstə düşə bilər və bu da gözə oxşarlıq kimi görünə bilər.
Bundan başqa, üz formalaşmasında bioloji məhdudiyyətlər mövcuddur: mümkün üz proporsiyalarının sayı məhdud olduğundan müxtəlif insanlarda oxşar kombinasiyalar meydana çıxa bilər. 2022-ci ildə nəşr olunan bir araşdırmada qohum olmayan, lakin görünüşcə olduqca oxşar şəxslər tədqiq edilib və bu oxşarlıq həm insanlar, həm də sifət tanıma alqoritmləri tərəfindən qiymətləndirilib.
Tədqiqatçılar həmin şəxslərin genom, epigenom və mikrobiom profillərini müqayisə ediblər. Nəticələr göstərib ki, bəzi qohum olmayan insanların üz xətlərindəki oxşarlıqların arxasında müəyyən genetik uyğunluqlar dayana bilər, lakin onların epigenetik göstəriciləri və mikrobiomları fərqli olub.
Alimlər insanın tam vizual kopyasının mövcudluğunu mümkün hesab etmirlər. Hətta identik əkizlər də zamanla üz ifadəsi, mimika, çəki, dəri xüsusiyyətləri, hərəkət və davranış baxımından fərqlənirlər. Buna görə fotoşəkildə iki insan bir-birinə çox oxşasaq da, real həyatda aralarındakı fərqlər daha aydın müşahidə olunur.
Saç düzümləri, eynək, saqqal, işıqlandırma və üz ifadəsi də oxşarlıq təəssüratını gücləndirə bilər. Sosial media bunun aşkarlanmasını asanlaşdırıb; insanlar dünyanın müxtəlif yerlərindəki milyonlarla fotonu müqayisə etmə imkanına sahibdir.
İnsan beyni üzə bütövlükdə yanaşır və eyni vaxtda gözlər, saç, üz forması, mimika, səs və digər detalları qiymətləndirir. Bir neçə əsas məqamın üst-üstə düşməsi bəzən beyində həmin şəxsin tamamilə başqa birinə bənzədiyi hissini yaradır, bu isə hətta yaxşı üz yaddaşına malik insanlarda səhvlərə yol aça bilər.
Nəticə olaraq, dünyada birinin vizual oxşarını tapmaq mümkündür, lakin onun tam, hərtərəfli surətinə rast gəlmək demək olar ki, mümkün deyil. İnsanları yalnız üz cizgiləri yox, həm də səs, yeriş, mimika, davranış və yaş kimi digər fərdi xüsusiyyətlər ayırır.