Azərbaycanın xarici bazarlara çay tədarükü bu ilin ilk yeddi ayında nəzərəçarpacaq şəkildə çoxalıb. Yanvar–iyul dövründə ölkədən ümumilikdə 531,33 ton çay ixrac edilərək 4,7 milyon dollar gəlir əldə olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu nəticə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,5 faiz, həcm ifadəsində isə 23,3 faiz yüksəkdir.
Eyni zamanda, xaricdən gətirilən çayın həcmi də artıb. Hesabat dönəmində ölkəyə 8 124,63 ton çay idxal olunub ki, bunun dəyəri 48,7 milyon dollar təşkil edib. İdxal dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 faiz, həcm isə 3,4 faiz artıb.
Daxili istehsal tərəfdən isə kiçik azalma qeydə alınıb. İlk yeddi ay ərzində ölkədə 6 537 ton çay emal edilib ki, bu göstərici keçən ilin müvafiq dövründəkindən 1,9 faiz aşağıdır.
Avqustun 1-nə olan məlumata görə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 174,1 ton təşkil edir.
Qiymət göstəricilərinə görə, ilin ilk yeddi ayında çayın orta ixrac qiyməti 1 kiloqram üçün 8,8 manat, orta idxal qiyməti isə 6 manat olub.