Bu ilin ilk altı ayında Azərbaycan xarici bazarlara ümumilikdə 12 milyard 430,8 milyon kubmetr təbii qaz göndərib və bu satışlardan 4 milyard 105,2 milyon dollar gəlir əldə olunub.
Hesabat dövründə ixrac olunan qazın 1000 kubmetr üçün orta gömrük dəyəri 330 dollar təşkil edib.
Azərbaycandan qaz ixrac olunan ölkələr və həmin ölkələr üçün qeyd olunan həcmlər ilə 1000 kubmetrin gömrük dəyərləri belədir:
- Türkiyə: 4,85 milyard kubmetr, 1000 kubmetr üçün 260 dollar;
- İtaliya: 4,2 milyard kubmetr, 1000 kubmetr üçün 468 dollar;
- Gürcüstan: 1,42 milyard kubmetr, 1000 kubmetr üçün 114 dollar;
- Bolqarıstan: 659,5 milyon kubmetr, 1000 kubmetr üçün 312 dollar;
- Suriya: 575,1 milyon kubmetr, 1000 kubmetr üçün 338 dollar;
- Yunanıstan: 517,9 milyon kubmetr, 1000 kubmetr üçün 515 dollar;
- Serbiya: 110,6 milyon kubmetr, 1000 kubmetr üçün 385 dollar;
- İran: 98,9 milyon kubmetr, 1000 kubmetr üçün 67 dollar.
Qeyd edək ki, eyni zamanda Azərbaycan İrandan təbii qaz idxal edib. Hesabat dövründə bu ölkədən alınan qazın həcmi 193,2 milyon kubmetr olub və 1000 kubmetr üçün gömrük dəyəri 67 dollar təşkil edib.