Avqustun 1-dən Azərbaycanda kartdan-karta köçürmələr və bank kartlarına mədaxillə bağlı yeni məhdudiyyətlər qüvvəyə minib. Yeni qaydaya görə, bir karta gün ərzində maksimum beş dəfə vəsait daxil edilə bilər.

Bu məhdudiyyətin əsas məqsədi maliyyə əməliyyatlarında şəffaflığı artırmaq, dələduzluq, vergidən yayınma və qanunsuz pul dövriyyəsinin qarşısını almaqdır. Lakin tətbiq artıq bəzi hallarda ictimai xarakterli ödənişlər üçün çətinliklər yaradıb.

Məsələn, naşir Şahbaz Xuduoğlu yazıçı Əlisa Nicata yardım toplamaq üçün onun bank kartını paylaşdıqda yüzlərlə insan az məbləğlərdə köçürmə etmək istəmiş, lakin kartın gün ərzində yalnız beş mədaxilə məhdudlaşdırılması digər donorların vəsait göndərməsinə imkan verməyib.

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, sözügedən məhdudiyyət qanunla tələbi deyil; bu, Banklar Assosiasiyası və Fintex Assosiasiyası arasında imzalanmış razılaşma və ya sazişdir. Onun sözlərinə görə, həmin sənəd dərc olunmayıb və banklar assosiasiyanın üzvü olduqları üçün qərarlara əməl edirlər.

Həsənov əlavə edib ki, Konstitusiyaya görə belə məhdudiyyətlər yalnız qanun əsasında tətbiq edilə bilər və ictimai birliklərin vətəndaşlara qadağa qoymağa səlahiyyəti yoxdur. O qeyd edib ki, avqustun 3-də Banklar Assosiasiyasının saytında istisnaların olacağı, qohumlara və ailə üzvlərinə köçürmələrin, eləcə də əsaslandırma təqdim olunacağı hallarda məhdudiyyətin aradan qaldırıla biləcəyi bildirilib, lakin bu prosedurun necə həyata keçiriləcəyi barədə açıqlama verilməyib.

Hüquqşünas həmçinin soruşub ki, əsaslandırma necə təqdim edilməlidir və vətəndaş hansı mexanizm vasitəsilə bankdan istisna tələb edə bilər. O vurğulayıb ki, belə məhdudiyyətlər digər ölkələrdə də problem yaratmır, çünki orada rəqəmsal monitorinq və gəlir-bəyannamə sistemləri vasitəsilə uyğunsuz köçürmələr müəyyən edilərək idarə olunur.

Həsənov xatırladıb ki, vətəndaşların gəlir və əmlak bəyannamə sisteminin olmaması Azərbaycanda bu tip məhdudiyyətlərin tətbiqinə gətirib çıxarır və 2005-ci ildə qəbul olunmuş məmurların gəlirlərinin bəyan edilməsi haqqında qanunun icra olunmadığını da qeyd edib.