Milli Məclisin bugünkü plenar iclasında küləkli hava şəraitində işçilərin iş şəraitinin tənzimlənməsi ilə bağlı olan qanun layihəsi müzakirə olunub və üçüncü oxunuşda qəbul edilib. Belə ki, Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilərək açıq şəraitli iş yerlərində işləyən işçilərə müəyyən edilmiş qaydada fasilələrin verilməsi və ya işin dayandırılması təmin ediləcək.
Layihəyə görə, küləkli hava şəraitində, o cümlədən həmin iş yerləri üzrə qurğularda çalışan işçilərə, əvvəlcədən müəyyən edilmiş qaydada fasilələrin verilməsi və ya işin tam dayandırılması imkanı yaradılır.
Eyni zamanda yeni tənzimləmə ilə, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla aparılan işlər yalnız həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş xüsusi hallarda davam etdiriləcək. Küləyin gücü 8 baldan yuxarı olduqda isə qeyd edilən kranlarla görülən bütün işlər hər halda dayandırılacaq.
Qanun layihəsi parlament müzakirələrindən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.