Çinin avtomobil ixracının kəskin sürətlə artması dünya üzrə avtomobildaşımalar üçün gəmi tutumuna tələbatı yüksəldib və nəticədə avtomobildaşıyan gəmilərin icarə haqları xeyli artıb. 2026-cı ilin ilk yarısında Çin 5 milyondan artıq avtomobil ixrac edib və bu artım daşınma xərclərinin yüksəlməsinə təkan verir.

Bu tendensiyanın xarici bazarlarda Çin istehsalı avtomobillərin qiymətlərinə təsiri ola biləcəyi bildirilir. Azərbaycanda da Çində istehsal olunan modellərə marağın artması fonunda çatdırılma xərclərindəki dəyişikliklərin satış qiymətlərinə nə dərəcədə təsir göstərəcəyi diqqət mərkəzindədir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda dünya boyunca daşınma və logistika xidmətlərinin qiymətləri təxminən hər altı aydan bir artmaqdadır. Onun sözlərinə görə, bu artım daşınan məhsulların maya dəyərinə və son satış qiymətinə təsir edən əsas amillərdən biridir.

Ekspert vurğulayıb ki, avtomobillərin bir ölkədən digərinə daşınması zamanı logistika xərclərinin yüksəlməsi həmin nəqliyyat olunan avtomobillərin ümumi maya dəyərini artırır. Daşınma xərcləri yüksəldikdə istehsalçılar və idxalçılar yaranan əlavə xərcin müəyyən hissəsini məhsulun qiymətinə daxil etməli olurlar.

E.Cəfərov həmçinin qeyd edib ki, logistika tariflərindəki artım avtomobil bazarına müəyyən müddətdən sonra təsir edə bilər. Hazırda Azərbaycanda buna bağlı kəskin qiymət artımı müşahidə olunmasa da, prosesin təsiri dərhal ortaya çıxmaya bilər və daşınma xərclərinin davamlı yüksəlməsi halında, xüsusilə payız aylarından etibarən avtomobil qiymətlərində müəyyən artımın mümkünlüyü istisna edilmir.