Mədəniyyət Nazirliyində aparatda rəhbər vəzifəsinə təyinat həyata keçirilib.
Nazir Adil Kərimlinin əmri ilə Hikmət Mövlud oğlu Mustafayev nazirliyin Aparat rəhbəri vəzifəsinə gətirilib.
Hikmət Mustafayev 1971-ci ildə doğulub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bitirib.
1994–1995-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1997-ci ildən dövlət qulluğunda çalışır; Dövlət Əmlak Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə fəaliyyət göstərib.
O, COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi həmin beynəlxalq tədbirin təşkilati və inzibati işlərində yaxından iştirak edib. Təyinatdan əvvəl Heydər Əliyev Mərkəzində direktorun müşaviri kimi çalışaraq strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində təcrübə toplayıb.
Dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyəti nəzərə alınaraq, o, 22 iyun 2019-cu il tarixli Prezident sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Hazırda Dövlət qulluğunun baş müşaviridir.