Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi "MilliÖn" brendinin adından istifadə olunmaqla aparılan saxta ödəniş kampaniyasını müəyyən edib.
Aparılan monitorinq nəticəsində müəyyən edilib ki, saxta kampaniya "MilliÖn" ödəniş sisteminin adını və vizual üslubunu imitasiya edir və istifadəçilərə bir manat müqabilində mobil internet və danışıq paketi vəd edilir.
Aşkarlanmış səhifələr million-az.shop və millionaz.site domenlərində yerləşdirilib və rəsmi ödəniş səhifəsi kimi təqdim olunur. Formada tələb olunan məlumat həcmi isə birmanatlıq əməliyyat üçün gözləniləndən çox daha genişdir: kart sahibinin adı, kart nömrəsi, bitmə tarixi, CVV-kodu, telefon nömrəsi və IP ünvanı daxil edilir.
Mənbə kodunun təhlili göstərib ki, istifadəçilərin daxil etdiyi məlumatlar ödəniş xidmətinə deyil, saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə ötürülə bilər. Bu, həmin səhifələrin əsl məqsədinin kart rekvizitlərinin toplanması olduğunu göstərir.
Kampaniya sosial şəbəkələr üzərindən yayılır. TikTok və Instagram platformalarında brendi təqlid edən hesablar müəyyən edilib və həmin hesablar müxtəlif fişinq domenlərinə keçidlər yerləşdirir; ayrı-ayrı videoların baxış sayı 231 000 və 496 000-i keçir.
Eyni şablonun "AzərPay" adı altında da istifadə olunması kampaniyanın tək bir domen və ya hesabla məhdudlaşmadığını göstərir və bloklanan resursların qısa müddətdə yeni ünvanlarla əvəzlənmə riskini artırır.
Məsələnin əsas təhlükəsi istifadəçilərin kart məlumatlarının ələ keçirilməsi və sonradan qanunsuz əməliyyatlarda istifadəsidir. Bu risklə mübarizə çərçivəsində domenlərin bloklanması, sosial şəbəkə hesablarının bağlanması, bankların məlumatlandırılması və vətəndaşların açıq şəkildə xəbərdar edilməsi paralel tədbirlər kimi göstərilir.