Qanunvericiliyə əsasən, rəsmi boşanma həyata keçirilmədən də uşağın saxlanılması üçün aliment tələb etmək mümkündür. Bu hüquq valideynlərdən birinin uşaq üçün maddi dəstək göstərməməsi halına tətbiq edilir.
Vəkil Ceyhun İsmayılov bildirir ki, məhkəmə təcrübəsində tərəflərin hələ nikahda olduqları vəziyyətlərdə də aliment iddiaları üzrə qərarlar verilir. O, qeyd edib:
“Əgər ata uşaqların saxlanılmasında iştirak etmirsə, onların maddi təminatına heç bir şəkildə kömək göstərmirsə və ailənin qayğısına qalmırsa, bu zaman ananın atadan aliment tələb etmək hüququ yaranır. Bunun üçün nikahın mütləq pozulması tələb olunmur.”
İsmayılovun sözlərinə görə, məhkəmə iddianı araşdırarkən hadisənin bütün halları üzərində dayanır. Əgər sübut edilərsə ki, atanın üzərinə düşən vəzifələri yerinə yetirmədiyi, maddi yardım göstərmədiyi və uşaqların təminatında iştirak etmədiyi, məhkəmə alimentin tutulması barədə qərar verə bilər.
O əlavə edib ki, aliment tələb etmək üçün boşanma prosesinin başlanması və ya nikahın rəsmi şəkildə xitam tapması şərt deyil. Məhkəmə uşaqların xeyrinə və onların normal təminatını təmin edəcək şəkildə qərar çıxarır, nəticədə nikah davam etdiyi müddətdə də ananın xeyrinə aliment tutulması mümkün ola bilər.