Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına xitam verilməmiş şəxslərin hərbi xidmətə çağırılması məsələsinə aydınlıq gətirib.
Xidmətin açıqlamasını Kapitan Zəfər Əsgərli təqdim edib. O bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 12.9-cu maddəsinə əsasən belə şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.
Kapitan Əsgərlinin izahına görə, xarici pasportun alınması Azərbaycan vətəndaşlığından avtomatik olaraq çıxarılma demək deyil. Vətəndaşlıq qüvvədə olduğu müddətdə, qanunda göstərilən digər tələblərə cavab verən çağırışçılar hərbi xidmət üçün nəzərdən keçirilir.
O həmçinin vurğulayıb ki, Azərbaycan vətəndaşlığından rəsmi çıxmaq xüsusi hüquqi prosedura tabedir və bu proses ayrıca qaydada həyata keçirilir.