Prezident İlham Əliyev görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı və tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2027-ci ilin yanvarında Əziz Əliyevin anadan olmasının 130 ili tamam olacaq. Sənəddə onun yüksək amallara sədaqətli və humanist ideallara bağlı vətənpərvər ziyalı olduğu, xalq və dövlət qarşısında xidmətlərinin nümunə olduğu vurğulanır.
Sənəddə qeyd olunur ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışarkən milli mənafeyi ön planda saxlayaraq dövlət quruculuğu və idarəçilik sahəsində əhəmiyyətli töhfələr verib. Onun ölkədə səhiyyə sisteminin yenidən təşkili, tibb təhsilinin dövrün tələblərinə uyğun formalaşdırılması və peşəkar milli kadrların hazırlanmasında xüsusi rolu olub.
Həmçinin Sərəncamda vurğulanır ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi baxımdan mühüm işlərə rəhbərlik etmiş, Azərbaycan tarixinin həssas dövrlərində dövlət idarəçiliyinə dair qətiyyətli qərarlarla bu sahədə məktəb yaratmışdır. Onun Azərbaycan və Dağıstan arasındakı münasibətlərə verdiyi töhfələr iki xalqın dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edib.
Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi ilə yanaşı Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edərək Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn təşkilati və digər məsələləri həll etmək öhdəliyini daşıyır.