Azərbaycan gəlmə turizminin inkişafını sürətləndirmək məqsədilə vizasız gediş-gəliş tətbiq olunan hədəf ölkələrin sayının artırılmasını planlaşdırır.

Bu tədbir 20 avqust 2026-cı il tarixli Prezident sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əks olunub.

Tədbirlər Planına görə, ümumvətəndaş pasportları əsasında hədəf turizm ölkələrinin vətəndaşlarına birtərəfli və ya qarşılıqlı qaydada vizasız gediş-gəliş rejiminin tətbiqi üçün zəruri dövlət daxilində prosedurlar həyata keçirilməlidir.

Proqramın aralıq hədəfi 28 ölkənin vətəndaşları üçün vizasız rejimin təmin edilməsi, yekun məqsəd isə bu göstəricini 34 ölkəyə çatdırmaqdır. Bu tədbirlərin icra müddəti 2026–2030–cu illəri əhatə edir.

Tədbirin əsas icraçısı Nazirlər Kabinetidir. Prosesdə Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar iştirak edəcəklər.

Dövlət Proqramı çərçivəsində viza siyasətinin yumşaldılması ilə yanaşı, turizm məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosedurlarının təkmilləşdirilməsi və elektron viza, o cümlədən sərhəddə viza rejimi tətbiq olunan ölkələrin sayının artırılması da nəzərdə tutulub.

Çoxdəfəlik elektron vizaların verilməsi üçün “ASAN Viza” sistemi üzrə prosedurların və texniki imkanların yenilənməsi planlaşdırılır. Bundan əlavə, elektron viza rejimi tətbiq edilə biləcək yeni ölkələrin siyahısının müəyyənləşdirilməsi, sərhəddə viza rejiminin müddətsiz əsaslarla tətbiqinin nəzərdən keçirilməsi və müəyyən ediləcək yeni ölkələrin vətəndaşlarına elektron viza imkanının yaradılması planlaşdırılır.

Bu xüsusi tədbirlərin 2026–2027-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur.