Ekstremal quraqlıq, iqlim anomaliləri və əsas ticarət marşrutlarında yaranan silahlı qarşıdurmalar dünya buğda bazarında qeyri-sabitliyə səbəb olub.

Rusiya və Ukrayna arasındakı döyüşlər Qara dənizdə ticarətə maneə törədir, eyni zamanda husilərin Qırmızı dənizdə həyata keçirdiyi hücumlar kənd təsərrüfatı məhsullarının beynəlxalq daşınmasını çətinləşdirir.

Əsas taxıl ixracatçısı olan ölkələrdə müşahidə edilən quraqlıq və anomal isti hava taxıl istehsadı risklərini artırır və ixrac həcmlərinin azalması təhlükəsini yaradır.

Eyni zamanda, “El-Ninyo” hadisəsi bəzi nəqliyyat marşrutlarında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olub; Panama kanalında, Reyn və Dunay çaylarında su qıtlığı yükdaşımalarda problemlər və əlavə logistika xərcləri ilə nəticələnir.

İqlim dəyişiklikləri ilə geosiyasi gərginliklərin üst-üstə düşməsi nəticəsində buğda qiymətləri, daşınma xərcləri və qlobal ərzaq təhlükəsizliyi üzərində yeni risklər formalaşır, nəqliyyat məhdudiyyətləri və istehsal itkisi bazarın stabilliyinə mənfi təsir edir.