Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüş zamanı son dövrlərdə Rusiya informasiya məkanında Azərbaycan Respublikası, xalqı və ölkə rəhbərliyinə qarşı səsləndirilən təxribatçı, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.
Xüsusi olaraq 13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə və rəhbərliyə qarşı səsləndirilən fikirlər vurğulanıb. Bundan əlavə, 7 avqust tarixində “Sputnik” radiosunda yayılan proqram, 9 avqustda YouTube platformasında və 16 avqustda “Spas” telekanalında yayılan materiallarda da rəhbərliyimizə qarşı təhqir xarakterli məzmunun yayıldığı xatırladılıb.
Azərbaycan tərəfi daxili siyasi proseslərə müdaxilə etmək və xalqımıza və rəhbərliyimizə qarşı zorakılığa çağırışlar etmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib. Həmçinin belə ritorikanın daha sərt formada davam etməsinin artıq ciddi narahatlıq yaratdığı vurğulanıb.
Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq çağırışlarına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin həyata keçirilməsinə dair gözləntilər bir daha çatdırılıb.