Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə son dövrlərdə Rusiya informasiya və media məkanında Azərbaycan, xalqımız və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribatçı, təhqiredici və təhdid məzmunlu açıqlamalarla bağlı ciddi narahatlıq və qəti etiraz ifadə olunub.
Nazirlik xüsusi olaraq 13 avqust 2026-cı il tarixində “Çistota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə səslənən ifadələrə diqqət çəkib.
Habelə 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən fikirlər, 9 avqustda “YouTube” platformasında və 16 avqustda “Spas” telekanalında yayılan təhqir xarakterli materiallar görüş zamanı xatırladılıb.
Daxili siyasi proseslərə müdaxilə imkanlarının müzakirə edilməsinin, həmçinin Azərbaycan xalqına və rəhbərliyinə qarşı fiziki zorakılıq çağırışlarının qəbul edilə bilməyəcəyi vurğulanıb.
Azərbaycan tərəfi həmin fəaliyyətlərin qarşısının alınması üçün dəfələrlə çağırışlar etdiyini və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə olunduğunu bildirərək, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq yaratdığını qeyd edib.
Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasının dayandırılması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlər görülməsi gözləntisi bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.