Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub və nazirlikdə görüş keçirilib.
Görüşdə Azərbaycan tərəfi son dövrlərdə Rusiya media və informasiya məkanında ölkəmiz, xalqımız və rəhbərliyimiz əleyhinə yönələn təxribatçı, təhqiredici və təhdid xarakterli açıqlamalara dair ciddi narazılığını təqdim edib.
Nazirlik xüsusilə 13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan proqramda səslənən fikirlərə diqqət çəkib. Həmçinin 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan verilişdə idarəçiliyimizlə bağlı irəli sürülən iddialar, 9 avqustda YouTube platformasında və 16 avqustda “Spas” telekanalında yayılan təhqiredici materiallar xatırladılıb.
Azərbaycan tərəfi bildirmişdir ki, ölkənin daxili siyasi proseslərinə müdaxilə cəhdləri və xalqımıza, rəhbərliyimizə qarşı fiziki zorakılıq çağırışları qəbuledilməzdir. Bu cür ritorikanın davam etməsi ciddi narahatlıq doğurur.
Nazirlik həmçinin daha əvvəl belə halların qarşısının alınması üçün edilən çağırışlara baxmayaraq, analoji yanaşmanın daha sərt formada davam etməsinin qəbuledilməz olduğunu bildirib.
Görüşdə qarşı tərəfə Azərbaycan əleyhinə yönələn təxribatçı, təhdid və zorakılığa çağırış məzmunlu materialların dayandırılması üçün təxirəsalınmaz və təsirli tədbirlər görməklə bağlı gözləntilər yenidən çatdırılıb.