Salyanda 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə rayon rəhbərliyi və kənd təsərrüfatı işçilərinə diqqət göstərilib. Demokrat.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və kollektivinin Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ziyarət zamanı dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. RİH başçısı kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib və onların rayonun sosial-iqtisadi inkişafında, aqrar sektorun tərəqqisində və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasındakı mühüm xidmətlərini qeyd edib.
Çıxışında RİH başçısı Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının rəhbərliyi ilə aqrar sektorun inkişafı, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımların atıldığı bildirilib.
RİH başçısı əlavə edib ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahələrindəndir və bu sahədə çalışanların zəhmət və fədakar əməyinin yüksək qiymətləndirildiyi davamlı vurğulanıb. O, aqrar sahədə çalışan hər kəsə möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətlərində uğurlar və bol məhsul arzulayıb.