2022-ci ildən sonra Rusiya bazarına daxil olmuş bir neçə Türkiyə brendi ölkədəki fəaliyyətlərini azaldır və bəzi mağazalarını tam bağlayır.

Məlumata görə, prosesdə ən azı 10 Türkiyə markası yer alır. “Madame Coco”, “Chakra”, “NetWork”, “OXXO”, “Beymen Club”, “Karaca Home” və “Les Benjamins” mağazalarını bağlamaq və ya bazarı tərk etmək üzrədir.

“Mudo”, “İpekyol” və “Twist” artıq Rusiyada fəaliyyətini dayandırıb; “İpekyol” və “Twist” bu bazarda təxminən bir il fəaliyyət göstərmişdilər.

2022-ci ildə Rusiya məkanında 32 Türkiyə brendi fəaliyyət göstərirdi və onlar ümumilikdə 655 mağazanı idarə edirdilər. Bir sıra qərb şirkətlərinin bazardan çıxmasından sonra türk pərakəndəçilər həmin boşluqlardan yararlanmaq imkanını qiymətləndirmişdilər.

Ekspertlər Türkiyə şirkətlərinin fəaliyyətinin zəifləməsinin əsas səbəbləri kimi icarə və maliyyə xərclərinin artmasını, alıcı axınının azalmasını, marketpleyslərdə və daha ucuz Çin malları ilə rəqabətin güclənməsini, habelə bəzi yeni brendlərin kifayət qədər tanınmamasını göstərirlər.

2026-cı ilin ilk yarısında Rusiya ticarət mərkəzlərinə daxilolmalar 2 faiz, geyim və ayaqqabı mağazalarına gələn alıcıların sayı isə 5 faiz azalıb. Bu fonda Türkiyə brendlərinin bir qismini idarə edən “Marka Rus” şirkətinin 2025-ci ilin yekunlarına görə xalis zərəri 22 faiz artaraq 8,5 milyon dollara yüksəlib.

Buna baxmayaraq, Rusiyada uzun illər fəaliyyət göstərən “LC Waikiki”, “Koton” və “Colin’s” kimi markalar bazardakı mövqelərini qoruyub saxlayırlar.

Analitiklər ticarət sahələrinin optimallaşdırılması prosesinin davam edəcəyini proqnozlaşdırır. Proqnozlara görə, 2026-cı ilin sonunadək Moskvanın ticarət mərkəzlərində boş sahələrin nisbəti 8 faizə qədər arta bilər.