Mərkəzi Bankın apardığı nəzarət tədbirləri nəticəsində “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-də çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericilik tələblərinin pozulması aşkarlanıb.

Aşkarlanan pozuntuya görə şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.1.5-ci maddələri əsasında məsuliyyətə cəlb olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin şəxsə 4 000 manat məbləğində cərimə tətbiq edilib.

Məlumatda bildirilir ki, pozuntu Mərkəzi Bankın cari nəzarət prosesləri çərçivəsində üzə çıxarılıb və qanunvericiliyin müvafiq tələblərinə əməl edilməməsi əsas götürülüb.

“Xalq Kapital İnvestisiya Şirkəti” 2017-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 420 000 manatdır və onun tam kapitalı “Xalq Bank” ASC-yə məxsusdur.