Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanıb. Yeniavaz.com xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən açıqlama verilib. Bildirilib ki, hadisəni törədən üç nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.
“Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə dünyasını dəyişən şagirdin intihar etdiyi barədə xəbərlər yayılıb. Hadisədən sonra məktəbin qarşısında çəkiliş aparan “Real TV”nin əməkdaşına qarşı fiziki zorakılıq faktı da bildirilir.