Ukraynada davam edən hərbi əməliyyatlar fonunda prezident Volodimir Zelenskinin üzləşdiyi siyasi təzyiqlər daha kəskin və təhlükəli yön alıb. İndi müzakirə yalnız cəbhədəki vəziyyət və Rusiyanın hücumları ilə məhdudlaşmır.
Milli anti-korrupsiya orqanları NABU və SAPO prezident aparatının bir neçə yüksək vəzifəli şəxsin də adı keçən cinayətkar şəbəkəyə qarşı əməliyyat həyata keçirdiklərini açıqlayıb. İstintaqın bütün detalları hələ açıqlanmasa da, araşdırmanın yüksək siyasi dairələrə qədər uzanması Zelenskinin hökuməti üçün ciddi reputasiya və siyasi fəsadlar yarada bilər.
Məsələləri daha da dərinləşdirən amillərdən biri isə Mixaylo Fedorovun səsləndirdiyi ittihamlardır. Vəzifədən azad edilmiş keçmiş müdafiə naziri Ukraynada "sistemli idarəçilik böhranı"ndan danışıb, korrupsiyanın müharibə qabiliyyətinə zərər vurduğunu bildirib və müharibə davam edərkən belə seçkilərin keçirilməsinə zəmanət verəcək hüquqi və təhlükəsizlik mexanizmlərinin hazırlanmasını tələb edib.
Fedorovun çıxışı yalnız keçmiş məmurun kəskin tənqidi deyil; o, əslində Zelenskinin idarəetmə modelini əsaslı surətdə hədəf alır. Onun bəyanatından sonra ona dəstək aksiyalarının keçirilməsi, həmçinin mediada gələcək siyasi fəaliyyətlə bağlı şərhlər bu açıqlamanın təkcə şəxsi narazılıqdan daha geniş siyasi nəticələr doğura biləcəyinə işarədir.
Politoloq Vladimir Fesenko Fedorovun sözlərini Zelenskiyə qarşı faktiki müxalifətə keçid kimi dəyərləndirib. Bu qiymətləndirməyə görə, indiyə qədər mövcud müxalifət daxili məxrəc saxlamağa çalışırdısa, artıq texnokrat və müdafiə sahəsində reputasiyası olan şəxslərin komandanın daxilindən alternativ xətt formalaşdırdığı görünür.
Hərbi ekspert Səxavət Məmmədın fikrincə, əvvəlki monolit idarəetmə strukturunda çatlar yaranmaqdadır. O bildirir ki, NABU və SAPO-nun prezident administrasiyasına qədər uzanan araşdırmaları hakimiyyətin legitimliyinə ciddi zərbə vurur. Əgər əvvəl korrupsiya qalmaqalları aşağı eşelonlarla bağlı idisə, indiki istintaq dövlət səviyyəli reputasiya riskinə çevrilə bilər.
Ekspertin sözlərinə görə, həm Qərb tərəfdaşlarının hərbi və maliyyə dəstəklərinin şəffaflıq tələbləri, həm də cəbhədəki ağır döyüşlər və səfərbərlik çətinlikləri ictimai dözümsüzlüyü artırır. Arxa cəbhədə korrupsiya iddiaları daxili narazılığı yüksəldir və hakimiyyət daxilindən kiminisə qurban verməklə problemi ört-basdır etmək mümkün olmaya bilər.
O əlavə edib ki, Fedorovun çıxışı gələcək prezident seçkilərinə hazırlığın ilk siqnalı ola bilər: o, "müharibə bitmədən seçki ola bilməz" mövqeyinə alternativ proqram irəli sürüb və ona dəstək aksiyalarının təşkil olunması müəyyən ictimai bazanın formalaşdığını göstərir.
Hazırkı mənzərə Ukraynanı ikiqat risklə üz-üzə qoyur: bir tərəfdən cəbhədə Rusiyaya qarşı mübarizə, digər tərəfdən isə daxildə alovlanan siyasi qarşıdurmanı idarə etmək. Əgər korrupsiya iddiaları prezident komandasına qədər gedib çıxsa və keçmiş yüksək vəzifəlilərdən alternativ siyasi xətt formalaşarsa, ölkədə müharibə şəraitində ciddi daxili parçalanma yarana bilər.