Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa enerji dəhlizinin yaradılmasına yönələn işlərin ilk mərhələsi başa çatmaq üzrədir. Hazırkı mərhələ çərçivəsində Cəbrayılın Ağbənd istiqamətində 74 kilometrlik, 330 kilovoltluq yüksək gərginlikli elektrik ötürmə xəttinin inşası həyata keçirilir və işlərin 97 faizi tamamlanıb.

İkidövrəli konfiqurasiyada nəzərdə tutulmuş xəttin ötürmə qabiliyyəti 1000 meqavata qədərdir. Layihə zamanı ümumilikdə 296 ədəd anker və aralıq dayağın quraşdırılması planlaşdırılıb; dayaqların hər birinin çəkisi orta hesabla 30 tondan çox, hündürlüyü təxminən 45 metr təşkil edir.

Çətin relyef və əlverişsiz hava şəraitinə baxmayaraq, işlərin planlaşdırılan müddətdən əvvəl aparıldığı bildirilib. Növbəti mərhələlərdə Ordubad–Naxçıvan istiqamətində 100 kilometr, Zəngəzur dəhlizi boyunca 44 kilometr və Naxçıvan–Türkiyə istiqamətində isə 230 kilometr elektrik ötürmə xəttinin inşası nəzərdə tutulur.

Layihənin tamamlanması ilə Naxçıvanın Azərbaycanın vahid enerji sisteminə tam qoşulması, elektrik enerjisinin tezlik tənzimlənməsi sahəsində xarici asılılığın aradan qaldırılması və Avropa enerji bazarlarına çıxış imkanlarının genişlənməsi gözlənilir.

Həmçinin bildirilib ki, bu infrastruktur gələcəkdə “yaşıl enerji”nin ötürülməsində də mühüm əhəmiyyət daşıyacaq.