Ərzaq qiymətlərindəki yüksəlmə ailələrin gündəlik xərclərinə və alış-veriş imkanlarına birbaşa təsir edir. Bu baxımdan 100 manatın indiki bazarda nə qədər məhsul almağa yetdiyi mühüm sual olaraq qalır.

İqtisadçı Akif Nəsirli bildirir ki, ümumi inflyasiya 5,7 faiz olsa da, bu o demək deyil ki, hər məhsul eyni faizlə bahalaşıb. Qida məhsullarının istehlak səbətində böyük çəkisi olduğundan ailələr qiymət artımını gündəlik alış-veriş zamanı daha kəskin hiss edirlər.

2026-cı ilin yanvar-iyul aylarında ümumi istehlak qiymətləri 5,7 faiz, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə 6,8 faiz artıb. Sadə hesablamaya görə, bir il əvvəl 100 manata alınan istehlak səbətinin qiyməti indi orta hesabla 105,7 manata çatıb və bu halda bugünkü 100 manat keçən ilin təxminən 94,6 manatının alıcılığına bərabərdir. Qida məhsullarındakı 6,8 faiz artımı nəzərə alınarsa, ərzağa xərclənən 100 manatın real alıcılığı təxminən 93,6 manat səviyyəsinə düşür.

Nəsirli vurğulayır ki, bu göstəricilər ortalamadır və fərdi ailənin hiss etdiyi bahalaşma onun istehlak vərdişlərindən asılı olaraq fərqli ola bilər. Həmçinin, yalnız bir ilin inflyasiyasına baxmaq kifayət etmir; 2025-ci ilin yekunu üzrə ümumi istehlak qiymətlərində 5,6 faiz, qida məhsulları üzrə isə yenə 6,8 faiz artım olmuşdu. Bu iki illik ardıcıl yüksəlişlər mürəkkəb faiz təsiri ilə hesablanmalıdır: ümumi inflyasiya üzrə ardıcıl 5,6 və 5,7 faiz artım 100 manatlıq səbətin qiymətini təxminən 111,6 manata gətirir, ərzaqda iki dəfə 6,8 faiz artım isə təxminən 114 manatlıq xərci göstərir. Buna görə də əhalinin “100 manat əvvəlki kimi çatmır” hissi iqtisadi əsaslara malikdir.

Dövlət Statistika Komitəsinin ev təsərrüfatları büdcəsi məlumatlarına görə, istehlak xərclərinin təxminən 42,9 faizi qida məhsullarına gedir. Yəni orta hesabla hər 100 manatın təxminən 43 manatı ərzağa xərclənir ki, bu da ərzaq inflyasiyasının rifaha təsirini daha da gücləndirir. Ən çox təsir edən məhsullar arasında ət və ət məhsulları, süd məhsulları, yumurta, yağ, çörək və taxıl, tərəvəz və meyvələr yer alır; Dövlət Statistika Komitəsinin 2025-ci ilin sonuna aid məlumatlarında mal əti, balıq, süd məhsulları, yumurta, alma, armud, nar, qoz-fındıq, xiyar, pomidor və kartof kimi məhsullarda bahalaşmalar qeydə alınmışdı.

Nəsirli həmçinin qeyd edib ki, nominal gəlirlər artarsa, real gəlir itkisinin bir hissəsi kompensasiya oluna bilər. 2026-cı ilin ilk rübündə əhalinin nominal gəlirləri 7 faiz, orta aylıq nominal əməkhaqqı isə 5,3 faiz artıb. Lakin gəlirin artımı qiymət artımını üstələmədikdə və ya ailələrin əsas xərcləri ümumi inflyasiyadan daha sürətlə yüksəldikdə, gündəlik həyatdakı sıxıntı hissi qalır. Onun qənaətincə, ailələrin real vəziyyətini qiymətləndirərkən həm gəlir artımı, həm də xərclərin strukturuna diqqət yetirmək lazımdır: əgər büdcənin təxminən 43 faizi ərzağa yönəlirsə və ərzaq daha sürətlə bahalaşırsa, sosial təsir daha ağır olur. Nominal məbləğ dəyişməsə də, bazardan alınan məhsulun həcmi azalır və bu, insanların “pulun dəyərinin düşməsi” hissinə gətirib çıxarır.