150 nömrəli marşrut avtobusunda azyaşlı sərnişinin ayağı qapının arasında qalaraq xəsarət alıb.

Valideynin verdiyi məlumata görə, hadisə dünən saat beş-altı radələrində baş verib. 90-JQ-261 dövlət nömrə nişanlı avtobus dayanacaqda dayanarkən iki azyaşlı düşmək istəmiş, sürücü qapını dərhal bağladığı üçün uşaqlardan birinin ayağı sıxılaraq qanayıb. Valideyn bildirib ki, sürücü onları düşürdükdən sonra üzr bildirmədən yola davam edib.

Məsələ nəzarətə götürülərək, avtobusun içindəki kameraların görüntüləri əsasında araşdırma aparılıb. Baxışlar zamanı sürücünün sərnişinlərin enişi zamanı diqqətsiz və tələskən davrandığı, nəticədə qapının vaxtından əvvəl bağlandığı müəyyən edilib.

Hadisə ilə bağlı təəssüf ifadə olunub və sürücü ilə bağlı daxili nizam-intizam qaydalarına uyğun inzibati tənbeh tədbiri görüləcəyi bildirilib.

Bildirilib ki, xüsusilə azyaşlı sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi prioritet olduğundan, gələcəkdə oxşar hallar baş verməməsi üçün əlavə təlimatlandırma və nəzarət tədbirləri davam etdiriləcək.