Azərbaycanın təbiət və aktiv turizm növlərinin inkişafı üçün bir sıra konkret tədbirlər nəzərdə tutulur.

Bu istiqamət Dövlət Başçısının təsdiqlədiyi 2026-2030-cu illər üçün turizmin inkişafına dair Dövlət Proqramında əksini tapıb. Sənəddə ölkənin zəngin təbiət ehtiyatları və kənd həyat tərzinin bu sahənin genişlənməsi üçün ciddi potensiala malik olduğu vurğulanır.

Proqram çərçivəsində macəra (ekstremal) turizmi üzrə yeni məhsulların hazırlanması və mövcudların təkmilləşdirilməsi planlaşdırılır. Həmçinin dağ piyada — haykinq və trekinq turizmi istiqamətində məhsulların formalaşdırılması məqsədləri yer alıb.

Vəhşi təbiət və biomüxtəlifliyin müşahidəsinə əsaslanan ekoturizm məhsullarının inkişaf etdirilməsi də prioritet tədbirlərdən biridir. Bu sahədə müxtəlif vaxtlarda turistlər üçün uyğun marşrutlar və xidmətlər hazırlanacaq.

Xəzər dənizinin Azərbaycan hissəsində və digər su hövzələrində seçilmiş çimərliklərdə abadlıq işlərinin aparılması nəzərdə tutulur. Bu tədbirlər çimərlik infrastrukturunun yaxşılaşdırılmasını və istirahət imkanlarının artırılmasını hədəfləyir.

Dövlət Proqramında qış turizminin inkişafı da xüsusi yer tutur. Son illərdə bu sahədə bir sıra infrastruktur layihələrinin həyata keçirildiyi, xüsusilə dağ turizm mərkəzlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlər görüldüyü bildirilir.

Qış idman növləri üzrə beynəlxalq yarışların təşkili turizm potensialının artırılması, bölgələrə turist axınının genişləndirilməsi və infrastrukturun dünya bazarlarında tanıdılması baxımından əhəmiyyətlidir.

Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyasəviyyəli yarışların təşkil olunması, qış turizminə dair tanıtım materiallarının hazırlanıb yayılması, rəqəmsal marketinq və beynəlxalq reklam kampaniyalarının həyata keçirilməsi proqramda nəzərdə tutulmuş konkret addımlar sırasındadır. Bundan əlavə, qış turizmi məhsulları və infrastrukturun daha da inkişaf etdirilməsi üçün tədbirlər görüləcək.