İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi və müəssisələrin texnoloji transformasiyasının sürətləndirilməsi mövzusunda görüş keçirilib.
Tərəfləri 4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan təmsil edib. Görüş zamanı “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində cari və perspektiv əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrdə “Azərsun Holdinq”in müəssisələrində qabaqcıl texnologiyaların tətbiqi, istehsal proseslərinin optimallaşdırılması və əməliyyatların səmərəliliyinin yüksəldilməsi imkanları prioritet kimi qeyd edilib. Həmçinin mövcud texnoloji potensialın qiymətləndirilməsi və rəqəmsal həllərin genişləndirilməsi məsələləri müzakirə mövzuları arasında olub.
Bildirilıb ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə icra olunan “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” yerli sənaye müəssisələrində rəqəmsal transformasiyanın və sənaye 4.0 texnologiyalarının tətbiqinin sürətlənməsinə, idarəetmə və istehsal proseslərinin təkmilləşdirilməsinə, habelə məhsuldarlıq və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Proqrama “Azərsun Holdinq”ə daxil olan “Sun Tea” MMC və “AzərSüd” MMC qoşulub; bu müəssisələrin sənaye 4.0 prinsiplərinə uyğun transformasiyası və gələcək inkişaf istiqamətləri xüsusi ilə müzakirə olunub.
Görüşdə həmçinin innovasiya ekosisteminin formalaşdırılması, insan kapitalının gücləndirilməsi və yeni ortaq təşəbbüslərin reallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi sənaye qurumlarının texnoloji transformasiyasını sürətləndirəcək, istehsal səmərəliliyinin və texnoloji hazırlıq səviyyəsinin yüksəlməsinə töhfə verəcək və nəticə etibarilə ölkə iqtisadiyyatının rəqabət gücünün möhkəmlənməsinə xidmət edəcək.