2026-cı ilin yanvar-iyun dövründə Azərbaycanda doğulan 40 798 uşaqdan 16 351-nin valideynləri məcburi dövlət sosial sığorta sisteminə daxil deyildi.

Həmin qrup üçün anadan olma ilə bağlı birdəfəlik müavinətlər dövlət büdcəsi hesabına ödənilib. Qanunvericiliyə görə, valideynlərdən ən azı birinin məcburi sosial sığortahaqqı əsasında sığortaolunan olması halında müavinət sosial sığorta vəsaiti hesabına həyata keçirilir; hər iki valideyn sığortaolunan deyilsə, müavinət büdcədən verilir.

Statistikaya əsasən, 2026-cı ilin ilk yarısında doğulan uşaqların 40,1 faizi — 16 351 nəfər — valideynlərinin heç biri məcburi sosial sığorta sistemində sığortaolunan olmayan ailələrdən olub. Bu, hər on yeni doğulan uşaqdan təxminən dördünün valideynlərinin ya işsiz, ya da qeyri-rəsmi məşğul olduğunu göstərir.

Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alıb. 2025-ci ilin ilk yarısında 45 616 uşaq doğulmuş, onlardan 18 710-u müavinət almaq üçün dövlət büdcəsinə müraciət etmişdi ki, bu da ümumi doğumların 41 faizinə bərabər idi.

Qeyd olunur ki, açıqlamada məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər həmin 40,1 faiz göstəricisinə daxil edilməyib.